Fitness ilə bağlı ən çox verilən suallar və cavabları.

Yayımlanıb: 03-05-2017

Ətrafımızda idman salonlarına üzv olan və ya olmağı düşünən insanlar ola bilər. Zaman keçdikcə idman salonlarına olan tələbat  artır. Lakin, bununla bərabər  suallar da artmaqdadır. Bu suallardan ən çox verilənlərinə qısa cavablar hazırladıq. Gəlin vaxt itirmədən həmin suallara və cavablarına nəzər salaq:

Sual: - Bədənimdəki  yağları əzələyə çevirə bilərəm?

Cavab: - Xeyr, bədəninizdəki yağlar əzələyə çevrilməz. Yağ miqdarını azaldaraq əzələni  inkişaf etdirə bilərsiniz. Lakin, yağlar heç vaxt əzələyə çevrilməz.

Sual:- Məşq etməyi  dayandırsam əzələlər sallanacaq, və çəkim artacaqmı?

Cavab:- Məşq etməyi  buraxdığınızda əzələləriniz sallanmağa başlamır, kiçilməyə başlayır. Məşq etməyi buraxdıqdan sonra da idman etdiyiniz dövrdəki kimi ağır qidalanma ilə davam etsəniz kökələ bilərsiniz.

Sual:- Bədənimdəki yağlardan hissə-hissə qurtula bilərəm?

Cavab:- Təəssüflər olsun ki, xeyr.  Bədəninizin hər hansı bölgəsindəki yağdan qurtulmaq istəyirsinizsə unutmamalısınız ki, bunun üçün ayrıca bir hissədən deyil bütün bədəndən başlamaq lazımdır

Sual:- Hədəflədiyim bədəni neçə aya qazana bilərəm?

Cavab:- Bu sualın cavabını sizə heç kim verə bilməz. Çünki bu, tamamilə qərarlı olmanıza, bədən tipinizə və bir çox başqa parametrlərə bağlıdır. Televizorda gördüyünüz aktyorun bədəninə sahib olmaq istəyə bilərsiniz. Amma  -“səni 5 aya bunun kimi edərəm” deyənlərə inanmamalısınız.

Sual:- İdman salonundakı ilk həftə, məşqlərdən sonra bədənim çox ağrıyır, bu pis şeydir?

Cavab:- Bəhs etdiyiniz ağrılar əzələ ağrılarıdır və əzələlərinizin inkişafına  işarədir. İdmana başladıqdan sonrakı ilk iki həftə hamıda bu ağrılar şiddətli ola bilər. Təlaşlanmayın. İrəliləyən məşqlərdə bu ağrılar azalacaq.